Bir gün yenə də özünü çox alim qələmə verən dərvişlərdən birisi
ilə Mollanın mübahisəsi düşür. Molla ona bir-iki sual verirsə də, dərviş
heç birisinə cavab verə bilmir. Axırda dərviş hirslənib deyir:
– Mən sənə elə suallar verərəm ki, heç sənin baban da bilməz.
Molla deyir:
– Dünyada elə şey yoxdur ki, mən bilməyəm. Nə sualın var, ver!
Dərviş başlayır suala:
– Əgər bilirsənsə, de görüm, dünyanın ortası haradır?
Molla əlindəki ağacı yerə vurub deyir:
– Dünyanın ortası, bax, buradır.
Dərviş qışqırır:
– Sübut elə!
Molla deyir:
– Mən sübut eləmişəm. Sən inanmırsan ölç, bax!
Dərviş keçir ikinci suala:
– Göydə nə qədər ulduz var?
Molla deyir:
– Mənim eşşəyimin tükü qədər.
Dərviş qışqırır:
– Sübut!
Molla deyir:
– Nə sübut? İnanmırsan, say, bax!
Dərviş:
– Mənim saqqalımda nə qədər tük var?
Molla deyir:
– Mənim eşşəyimin quyruğunun tükü qədər.
Dərviş lap cinlənir ki:
– Yalan danışırsan.
Molla çox sakit cavab verir:
– Mən yalan demirəm. Bu, sənin saqqalın, bu da mənim eşşəyimin
quyruğu. Bir tük ondan çək, bir tük də bundan, düz gəlməsə, onda de!
Top