Mollanın pulu tamam qurtarır. Arvad tutur yaxasından ki:
– Bəs, bu qədər nəyə oxuyubsan? Get barı kəndlərdə bir-iki ay
mollalıq eləyib bir az undan-buğdadan al gətir!
Molla özü də baxır ki, ayrı əlac yoxdur. Naçar qalıb düşür kəndlərin
canına. Ancaq hansı kəndə gedirsə, "mollamız var", deyə onu qəbul
eləmirlər. Axırda gəzə-gəzə gəlib bir kəndə çıxır. Baxır ki, kəndin
adamları yığılıb bir tülkünü döyürlər. Molla yaxınlaşıb soruşur:
– Bu tülkünü niyə döyürsünüz?
Adamlardan biri deyir:
– Molla, bu tülkü bizdə toyuq-cücə qoymayıb. İndi bunu tutmuşuq,
cəza veririk.
Molla deyir:
– Döyməkdən nə olacaq? Verin mənə ona elə bir cəza verim ki,
ömürlük yadından çıxmasın.
Kəndlilər sevincək tülkünü Mollaya verirlər. Molla tez əmmaməsini
çıxardıb qoyur tülkünün başına, əbasını da çiyninə salıb buraxır.
Adamlardan biri soruşur:
– Molla, onu niyə buraxdın? Bu nə cəza oldu?
Molla deyir:
– Siz bilmirsiniz. Bundan böyük cəza olmaz. İndi o oldu molla.
Hansı kəndə getsə, qovub çıxardacaqlar. Bütün ömrünü bir parça çörəyə
möhtac qalıb, axırda acından öləcək.
Top