Bir gün Molla yolda bir qazı ilə bir tacirə rast gəlir. Onlar Mollaya sataşmaq üçün soruşurlar:
– Molla, minbərdə vəz eliyəndə heç səhv eləyibsənmi?
Molla deyir:
– Bəli, iki dəfə səhv eləmişəm. Bir dəfə "əlqasibinə finnar" əvəzinə, əlqaziyyə finnar demişəm (yəni "özgənin malını mənimsəyənlər odda yanacaqlar" əvəzinə, "qazılar odda yanacaqlar"). İkinci dəfə də "innəl füccarə ləfi cəhim" demişəm (yəni pis iş görənlərin yeri cəhənnəmdir). Qazı və tacir hər ikisi pərt olurlar. Qazı hirslənib deyir:
– Adam kimi danışmağı da bacarmırsan. Elə heyvansan ki, heyvan.
Tacir deyir:
– Heyvan dedin qoydun, lap uzunqulaqdı.
Təsadüfən Molla da tacirlə qazının arasında gedirmiş. Elə ki, onlar belə ədəbsiz danışırlar, Molla bir sağına baxır, bir soluna baxır, heç halını pozmayıb deyir:
– Hələlik nə heyvan deyiləm, nə də uzunqulaq. İkisinin arasındayam.