Deyilənlərə görə, Molla yarımkosa imiş. Bir gün qazı onu utandırmaq məqsədilə deyir:
– Sən kişi deyilsən ki...
Molla soruşur:
– Niyə, qazı ağa?
Qazı əlini öz qırmızı saqqalına çəkərək:
– Kişinin saqqalı belə qırmızı olar. Nəinki səninki kimi; bir tük orda, bir tük burda.
Molla deyir:
– Təqsir özümdədi, qazı ağa! Özü yıxılan ağlamaz.
Qazı soruşur:
– Necə yəni təqsir özündədir?
Molla deyir:
– Dünya yarananda mən yubanıb saqqal bölgüsünə çata bilməmişdim. O vaxt çatdım ki, ortada bir yekə qırmızı saqqal qalıb, bir də paylanmış saqqallardan tökülmüş beş-on tük. Allah qırmızı saqqalı uzatdı mənə. Fikirləşdim,fikirləşdim, sənin kimi qırmızı saqqal olmaqdansa, kosa qalmağı məsləhət bildim.
Top