Bir gün uşaqlar şərikli qoz alırlar. Bölüşdürəndə mübahisələri düşür. Axırda Mollanın yanına gəlirlər ki:
– Molla əmi, bu qozları bizim aramızda bölüşdür!
Molla soruşur:
– Allah bölgüsü istəyirsiniz, ya Molla Nəsrəddin bölgüsü! Uşaqlar fikirləşirlər ki, hər halda allah bölgüsü daha yaxşı olar. Ona görə də deyirlər:
– Əlbəttə, Allah bölgüsü.
Molla uşaqların birinə on qoz verir, birinə otuz beş qoz verir, birinə yüz qoz verir, birinə altmış qoz verir, birinə beş qoz verir, birinə də heç vermir. Uşaqlar məəttəl qalıb soruşurlar:
– Molla, bu necə bölgüdür? Bu heç düz olmadı.
Molla deyir:
– Allah bölgüsü belədi. Niyə, özünüz görmürsünüz ki, dövləti, malı insanlar arasında necə bölüb? Yox, əgər Molla Nəsrəddin bölgüsü istəsəniz, hərənizə otuz qoz düşər, otuz qoz da mənə çatar.
Top