Molla orucluqda günlərin hesabını düzgün saxlamaq üçün taxçaya balaca bir küpə qoyur. Hər gün səhər durub küpənin içinə bir noxud salır. Mollanın balaca qızı bunu görüb xoşuna gəlir. Bir gün atası gedəndən sonra küpəyə bir ovuc noxud tökür. Mollanın bu işdən xəbəri olmur. Bir gün qonşular gəlirlər Mollanın yanına ki:
– Molla, sən bilərsən bu gün orucluğun neçəsidir?
Molla:
– Dayanın bu, saat! – deyib o biri otağa keçir, küpədəki noxudları boşaldıb saymağa başlayır. Baxır ki, yüz iyirmi iki dənədir. Fikirləşir ki, əyər mən bunun hamısını desəm mənə gülərlər, qoy barı heç olmasa yarısını deyim. Gəlib deyir:
– Bu gün orucluğun düz altmış biridir.
Deyirlər:
– Ay Molla, orucluq cəmi vur-tut otuz gündür, bu altmış biri haradan çıxartdın?
Molla deyir:
– Hələ mən yaxşı demişəm. Əyər iş küpdəki noxudlara qalsa, bu gün orucluğun düz yüz iyirmi ikisidir.
Top