Camaat bir gün tutur Mollanın yaxasından ki: "Gərək çıxıb minbərdə bizim üçün bir mövzə eləyəsən". Mollanın da belə şeylərdən zəhləsi gedərmiş. Nə qədər deyir ki:
– Ay camaat, əl çəkin məndən. Mən mövzə eləməyi bacarmaram. Camaat əl çəkmir ki, çəkmir. Axırda Molla naçar qalıb çıxır minbərə, üzünü camaata tutub deyir:
– Camaat, bilirsiniz nə var?
Deyirlər:
– Yox, bilmirik.
Molla yavaşca düşür aşağıya ki:
– İndi ki, bilmirsiniz, mən sizi başa sala bilmərəm. Sabahı günü camaat sözü bir yerə qoyur ki, necə olsa, gərək Mollanı danışdıraq. Yenə də Mollanın yaxasından tuturlar. Molla axırda görür ki, camaat əl çəkməyəcək, yenə də minbərə çıxıb soruşur:
– Camaat, bilirsiniz nə var?
Adamlardan bir-ikisi tez cavab verir:
– Bilirik.
Molla: İndi ki bilirsiniz, daha mən sizə nə deyim, – deyib yenə düşür yerə. Adamlar baxırlar ki, yenə olmadı. Sabahı günü yenə sözü bir eləyib güclə Mollanı çıxardırlar minbərə. Molla yenə haman sualı verir:
– Camaat, bilirsiniz nə var?
Bir neçə adam tez cavab verir ki:
– Bilirik.
Bir neçəsi də dillənir ki:
– Yox, biz bilmirik. De görək nə var?
Molla kələyi başa düşüb deyir:
– Onda bilənlər bilməyənlərə öyrətsin. Mənim işim var, gedirəm.
Top