Molla hələ cavan vaxtlarında bir dəfə alver eləmək fikrinə düşür. Özündən bir az kiçik bir dostu ilə şərik olub, bir küpə süd alıb, satmaq üçün şəhərə aparırlar. Südü satıb qurtardıqdan sonra fikirləşirlər ki, həmin pula bir küpə xoşab alsınlar ki, aparıb kənddə satsınlar. Elə də eləyirlər. Küpəni xoşabla doldurduqdan sonra ikisinin beş şahı artıq pulu qalır. Molla bir-iki yaş böyük olduğuna görə, pulu qoyur cibinə. Xoşabı da götürüb, sevinə-sevinə düşürlər yola. Bir az gedəndən sonra
Molla deyir:
– Amma, göz dəyməsin, südü də yaxşı satdıq, xoşabı da yaxşı aldıq.
Yoldaşı deyir:
– Əgər belə getsə bir-iki aya əməlli-başlı pul qazanıb, yoxsulluğun daşını atarıq.
Bir az da gedəndən sonra Molla deyir:
– Aşna, onsuz da bugünkü alverdən filan qədər qazancımız var.
Mən istəyirəm bu hesaba xoşabdan bir kasa içəm.
Yoldaşı deyir:
– Dostluğumuz öz yerində, amma biz axır xoşaba şərikik. Bunu da mən hesablamışam, kasası beş şahı eləyir. İçmək istəyirsənsə, gərək pulunu verib içəsən.
Molla cibindəki beş şahını çıxarıb verir, xoşabdan bir kasa içir. İndi də yoldaşın xoşaba tamahı düşür. Beş şahını Mollaya qaytarıb bir kasa da o içir. Bir azdan sonra Molla yenə də beş şahını yoldaşına verib bir kasa içir. Sonra yoldaşı beş şahını qaytarır, bir kasa da o içir. Belə-belə, kəndə gəlib çatana qədər bir küpə xoşabı içib qurtarırlar, ortada beşcə şahı pul qalır.
Top