Molla şəhərə gəldiyi günlərin birində gəzərkən çox böyük və gözəl bir bina görür. Bina Mollanın o qədər xoşuna gəlir ki, bir neçə dəqiqə durub heyran-heyran tamaşa eləyir. Sən demə, bu bina şəhərin darğasının eviymiş. Mollanın belə diqqətlə evə baxdığını görüb, qoltuqlarının altı şişir. Onu dolamaq məqsədilə yanaşıb soruşur:
– Nə var? Niyə belə diqqətlə baxırsan?
Molla deyir:
– Çox gözəl binadır. Çox xoşuma gəlir. Amma çox böyükdür. Fikirləşirəm ki, görəsən, bunu niyə belə böyük tikiblər?
Darğa deyir:
– Sənin fikrincə, bu, nə ola bilər?
Molla deyir:
– Vallah, deyəsən evdir. Amma...
Darğa onu ələ salmaq məqsədilə deyir:
– Səhv edirsən, Molla, bura ev deyil, karvansaradır.
Molla darğanın onu ələ salmaq istədiyini başa düşür. Odur ki, heç əhvalını pozmadan deyir:
– Hə... deyirəm axır... İçində at-eşşək yaşadığı üçün belə böyük tikiblər də...
Top