Molla tacirlərdən birinə nisyə buğda satmışdı. Yazıq gündə kənddən
şəhərə gəlirdi ki, pulunu birtəhər tacirdən alsın. Tacir də gündə
bir fırıldaqla onu yola salıb, pulunu vermirdi ki, vermirdi.
Günlərin birində Molla yenə də gəlir şəhərə. Ancaq nə qədər eləyirsə,
tacir pulu vermir, min bir bəhanə gətirib Molladan yenə bir neçə
gün möhlət istəyir. Səhərdən axşama kimi ac, susuz şəhərdə qalan
Molla axşamüstü düzəlir yola ki, getsin kəndə. Baxır ki, acından ayaqları
getmir. Çox fikir-xəyaldan sonra bir çörək dükanına gedib, pulunu
sabah vermək şərtilə bir girvənkə çörək istəyir. Çörəkçi vermir. Molla
baxır ki, bu zalım oğlu zalım çörək verməyəcək, tacir də ki pulu vermir.
Çörəkçi o tərəfə baxanda Molla göz-gözə vurub, yavaşca iki lavaş
götürüb əkilir. Gəlib yolun kənarındakı bulağın başında oturur. Elə
ki çörəkləri yeyib doyur, sudan da bir az içib deyir:
– Allah, özün yaxşı bilirsən ki, mən oğru deyiləm. Bunu da bilirsən
ki, cibimdə bir qəpik pulum yoxdur, özüm də acam. Onu da görürdün
ki, o tacir pulumu vermədi, bu tacir də halallıqla mənə çörək vermək
istəmədi. İndi özün bil, halal eləyirsən elə, eləmirsən pulumu o tacirdən
al, bu tacirə ver.
Top