Molla bazarda gəzə-gəzə bir sərraf dükanının qabağına gəlir.
Gördüyü şeylərdən çox xoşlandığı üçün dayanıb tamaşa eləməyə
başlayır. Sərraf bunu görür, qoltuqlarının altı şişir. Mollanı ələ salmaq
məqsədilə yaxınlaşıb soruşur:
– Nəyə baxırsan?
Molla deyir:
– Bu qızıllara, cavahirata baxıram. Deyəsən, sərraf dükanıdır.
Sərraf lovğa-lovğa deyir:
– Yox, sənin gözlərin yaxşı görmür. Bura sərraf dükanı deyil,
kəlləpəz dükanıdır. Burada eşşək kəlləsi satılır.
Molla heç özünü itirməyib deyir:
– Deyəsən alış-verişiniz də çox yaxşı gedir.
Sərraf soruşur:
– Necə? Nədən bildin?
Molla sərrafın başına işarə eləyib deyir:
– Baxıram, elə bu boyda dükanda vur-tut bircə dənə eşşək kəlləsi
qalıb.
Top