Molla ömründə birinci dəfə şəhərə gəlir. Gəzə-gəzə gəlib çıxır
bazara. Əvvəl-əvvəl qabağına bir baqqal dükanı çıxır. Hələ dükanın
nə dükanı olduğunu bilməyən Molla baxır ki, bir nəfər adamdı, oturub,
ətrafı da doludu tabaqlarnan. Tabaqların içində noxud, kişmiş, badam,
püstə, alma, armud... qərəz, dünyada hər nə desən var. Amma kişi bu
yeməlilərin heç birindən yemir. Molla əvvəl elə bilir ki, kişi kordu.
Yanındakıları görmür. Bir az yaxına gəlib görür yox, kişi baxır. Bir az
durur-durur, fikirləşir ki, yəqin bu kişinin gözləri anadangəlmə elə
belədir, baxır, amma görmür. Fikrinin düz olub-olmadığını yoxlamaq
üçün yaxınlaşır, iki barmağını dik tutub uzadır baqqalın gözlərinə.
Baqqal qışqırır ki:
– Nə qayırırsan? Gözümü çıxartmışdın ki...
Molla təəccüblə soruşur:
– Sən görürsən?
Baqqal deyir:
– Niyə görmürəm?
Molla soruşur:
– Bəs görürsənsə niyə yemirsən?
Baqqal deyir:
– Mayama zərər elər.
Molla baqqaldan bu sözü eşitcək ilişir kişmiş-noxuda.Baqqal
deyir:
– A kişi, nə qayırırsan? Kişmiş-noxudu niyə yeyirsən?
Molla deyir:
– Sənə nə var? Qoy mənim mayama zərər eləsin.
Top