Molla yenə də bir tacirə borclu düşür. Nə qədər əlləşir-vuruşursa,
borcu qaytara bilmir. Tacir hər dəfə pulun dalınca gələndə Molla deyir:
– Bu gün yoxumdu, sabah gəl!
Bir gün yenə də tacir pulun dalınca gələndə Molla özü evdə olmur.
Tacir Mollanın oğlunu tapıb soruşur:
– Sənin bu atan mənim pulumu verəcək, ya yox?
Mollanın oğlu deyir:
– Niyə vermir? Bütün dünya-aləm bilir ki, mənim atam borc danan
adam deyil. Ancaq indi iş belə düşüb ki, əli bir az aşağı olub.
Tacir hirslənir ki:
– Verəcək, verəcək!.. Bəs nə vaxt verəcək?
Mollanın oğlu deyir:
– Bax, o qapımızdakı qara daşı görürsən? O daş çiçək açanda zəhmət
çək, gəl, pulunu apar!
Tacir Mollanı da, oğlunu da söyə-söyə çıxıb gedir. Bir azdan sonra
Molla evə gəlir. Oğlu əhvalatı ona danışıb deyir:
– Daha arxayın ola bilərsən. Çünki nə daş çiçək açacaq, nə də tacir
pulun dalınca gələcək.
Molla bir az fikirləşib deyir:
– Nahaq yerə belə aydın vaxt qoymusan. Daşdı, keyfi istədi, günün
birində çiçək açdı, tacir də buyurub gəldi. Pulu haradan tapıb verəcəyik?
Belə işlərdə ən yaxşısı budu ki, deyəsən"sabah gəl!", çünki nə
qədər ki, bu dünya var, bir o qədər də sabah var.
Top