Bir gün Molla Teymur Lənglə bir süfrədə əyləşib xörək yeyirmiş. Ortalığa badımcan boranısı gətirirlər. Teymur Mollanı sınamaq məqsədi ilə deyir:
– Dünyada mənim ən çox sevdiyim şey badımcandır.
Molla Nəsrəddin deyir:
– Mənim də, qibleyi-aləm!
Bir az keçəndən sonra Teymur deyir:
– Amma xörəyi o qədər də yeməli olmur. İllərlə badımcan xörəyi yeməsəm heç yadıma düşməz.
Molla Nəsrəddin deyir:
– Mənim də, qibleyi-aləm!
Bir azdan Teymur deyir:
– Bu badımcanı yeyəndən sonra həmişə mənim ürəyim döyünür, başım ağrıyır.
Molla Nəsrəddin deyir:
– Mənim də, qibleyi-aləm!
Teymur deyir:
– Amma burası var ki, zəhrimar çox qüvvətli, çox da mənfəətli şeydir. Yeyən kimi elə bil ki, gözlərimin işığı artır.
Molla deyir:
– Mənim də, qibleyi-aləm!
Naharın sonunda Teymur aşpazı çağırıb deyir:
– Bir də süfrəyə badımcan qoysanız dərinizi badımcan kimi soyduracağam. Bir dəfə bilin ki, mənim badımcandan zəhləm gedir.
Molla tez yediyi badımcan boranısını itələyib deyir:
– Mənim də, qibleyi-aləm, görməyə gözüm yoxdur.
Teymur deyir:
– Ay Molla sən nə qəribə adamsan?! Mən bu yazıq badımcan haqqında bu gün nə dedimsə, sən təsdiq elədin. Dedim xoşuma gəlir, dedin mənim də. Dedim xoşuma gəlmir, dedin mənim də. Bu necə olan şeydi?
Molla deyir:
– Bu çox aydın məsələdi, qibleyi-aləm. Gərək elə belə də ola. Çünki mən səndən donluq alıb sənə qulluq eləyirəm, badımcana qulluq eləmirəm ki...
Top