Günün birində yenə də Mollanın çörək pulu olmur. Arvad, varyox,
əli-ovucu, sandıqdakı bir yumaq ipini çıxarıb verir ona ki, aparıb
satsın, çörək alsın. Molla yumağı aparır bazara. Nə qədər dolandırırsa,
heç iki girvənkə çörəyin də pulunu verən olmur. Molla hirslənib deyir:
– Bu alverçilərlə alverçi kimi rəftar eləmək lazımdır.
Axtarıb bir dəvə kəlləsi tapır. İpi açıb sarıyır haman kəlləyə, başlayır
bazarda gəzdirməyə. Dükançılardan biri baxır ki, Molla bir böyük
yumaq ip satır. Çıxarıb çox ucuz bir qiymət verir, Molla razılaşır.
Dükançı Mollanın bu boyda yumağı belə ucuz qiymətə verməyə razılaşmasından
şübhələnib soruşur:
– Molla, bunun içində bir şey yoxdur ki?..
Molla deyir:
– Var. İçində bir dəvə başı var.
Dükançı bu cavabı kinayə hesab edib, arxayınlaşır. Yumağın pulunu
verir. Molla pulu alıb gedəndən sonra dükançı yumağı açıb görür
nə... Doğrudan da içində bir dəvə kəlləsi var. Sabahısı Mollanı çağırır
yanına ki:
– Molla, heç utanmırsan?
Molla deyir:
– Əvvəla, mən satanda sənə dedim ki, içində dəvə başı var. Almayaydın.
İkincisi də sən yumağı məndən elə ucuz alıbsan ki, içindən
dəvənin başı yox ki, özü də çıxsa yenə qazanmısan.
Top