Günün birində Molla uzaq bir səfərdən gəlirmiş. Yol uzun, özü də
pay-piyada, yazıq lap əldən-dildən düşmüş imiş. Kəndlərinə çatmağa
hələ bir neçə saat qalmış bir atlıya rast gəlir. Salam-kəlamdan sonra
yol yoldaşı olurlar. Aydın olur ki, atlı sövdəgərdir. Özü də bir neçə aydır
ki, yaşadığı şəhərdən çıxıb ticarətə getmiş imiş. İndi evinə qayıdır.
Söhbət eləyə-eləyə sövdəgər hansı şəhərdən olduğunu, hansı məhəllədə
yaşadığını da deyir.
Gəlib, gəlib, bir bulaq başına çatırlar. Sövdəgər atdan düşür, Mollanın
köməyilə yükün içindən bir dəstərxan çörək və yavanlıq çıxardır,
bulağın başında əyləşib yeməyə başlayır.
Molla da çox bərk ac imiş. Yeməyi görcək qarnı səslənməyə, ağzı
sulanmağa başlayır. Sevinir ki, çox yaxşı oldu, indi yəqin ki, məni də
süfrəyə çağıracaq, heç olmazsa, bir-iki tikə yeyərəm, evə çatana qədər
ürəyimdə durum olar. Sövdəgər Mollaya heç bir quru təklif də eləmir.
Ağzına yekə bir tikə qoyub yeyə-yeyə deyir:
– Səhər yediyimin üstündəyəm. At da elə silkələyib ki, lap acından
ölürəm.
Molla deyir:
– Bəli... Mən də dünən axşam yatanda yediyimin üstündəyəm.
Özü də ki, pay-piyada... Adam acar da...
Sövdəgər, elə bil ki, bu sözləri heç eşitmir. Ağzına bir yekə tikə də
təpişdirib soruşur:
– Sən haradan gəlirsən ki?..
Molla fikrinə qoyur ki, sövdəgərə bir-iki şirin söz desin, bəlkə insafa
gəlib onu da süfrəyə çağıra. Deyir:
– Mən də elə səninlə həmşəhərliyəm də...
Sövdəgər soruşur:
– Yox əşi?..
Molla lap cani-dildən deyir:
– Əziz canın üçün. Sizin qonşuyam ki...
Sövdəgər soruşur:
– Yaxşı, onda bir danış görək, şəhərdə nə var, nə yox?
Molla deyir:
– Sağ-salamatlıqdır.
Sövdəgər deyir:
– Bizim evdən-zaddan heç xəbərin olmaya?
Molla deyir:
– Mənim yolum elə sizin evin yanındandı da... Gündə oradan gedib
gəlirəm. Hamısı sağ-salamatdı.
Sövdəgər yeyib doyur. Dəstərxanı bağlayır, başlayır bulaqda əlini,
ağzını yumağa ki, atını minib getsin. Molla ürəyində deyir:
– Yaxşı, sövdəgər qardaş! Sən sövdəgər ol, mənə bir tikə çörək
vermə! Mən də Molla Nəsrəddin olum, səndən əvəz çıxardım. Görək
kim kimə borclu qalacaq?
Sonra əl-üzünü yuyan sövdəgərə deyir:
– Amma mən sənin yerinə olsam, buradan bir baş evə gedərəm.
Sövdəgər soruşur:
– Niyə?
Molla deyir:
– Vallah, deyə də bilmirəm... Mən şəhərdən çıxan gün sizin pişiyiniz
ölmüşdü.
Sövdəgər soruşur:
– Niyə?
Molla deyir:
– Ehsanda çox yemişdi, naxoşladı, öldü.
Sövdəgər soruşur:
– Nə ehsan? Kimin ehsanında?
Molla deyir:
– Sizin arvad axır bir həftə bundan qabaq Allah rəhmətinə getdi.
Onun yeddisində...
Sövdəgər dəli kimi soruşur:
– Arvad?! Niyə, bizim arvada nə oldu ki, öldü?
Molla deyir:
– Oğlunun ölümünə dözə bilmədi də...
Sövdəgər:
– Oğlunun ölümünə?
Molla:
– Hə də... Zəlzələdən ki, eviniz uçdu e... Oğlan qaldı evin altında...
Sövdəgər evin də uçmağını eşitcək dəli kimi yüyürür atın üstünə.
Dəstərxan-zad yaddan çıxır. Ata minib çapmağa başlayır. Molla dəstərxanı
açır. Bir yaxşı tikə götürüb ağzına qoyur, sonra sövdəgərin dalınca
baxıb deyir:
– Günah özündədi, sövdəgər qardaş! Mən elə bütün sövdəgərləri,
tacirləri belə gördüm. Yaxşı deyiblər ki:
Yeyər bir sürü,
Qıymaz bir quzu.
Yeyər toppuzu,
Çıxar doqquzu.