Yenə də Molla baqqala borclu düşür. Elə bil ki, zəhrimara qalmış
pul daşdan çıxır. Molla nə qədər çalışır, vuruşursa, baqqalın borcunu
verə bilmir. Day, elə olur ki, baqqal hər gün qapıda söyüb savaşır,
Mollanı biabır eləyir. Axırı bir gün Molla bir kələk düzəldir. Qapının
qabağındakı açıqlıq yeri belləyib qaratikan əkir.
Axşam pəncərədən baxırmış, bir də görür ki, baqqal budu, bir
əlində imanı, bir əlində tumanı küpəgirən qarılar kimi mırtdanamırtdana
gəlir. Molla tez arvadının dərsini verib, özü pəncərənin dalında
gizlənir. Baqqal gəlib çatır, qapını döyür, arvad çıxır.
Baqqal soruşur:
– Hanı Molla?
Arvad deyir:
– Neyləyirsən? Evdə yoxdur.
Baqqal deyir.
– Oturacağam buradaca. Pulumu almamış buradan tərpənəsi deyiləm.
Arvad Mollanın öyrətdiyi kimi başlayır:
– Baqqal qardaş, başına dönüm, hirslənmə! Burada da oturma. Daha
işimiz düzəlib. Molla pul yeri tapıb. İnşallah bir neçə vaxtda sənin
pulunu düzəldib verəcəyik.
Baqqal sevincək tez soruşur:
– Nə pul yeri tapıb? Nə vaxt verəcəksiniz?
Arvad deyir:
– Bax, bu qaratikanları görürsən? Bunu Molla özü əkib bura.
Baqqal deyir:
– Hə, nə olsun? Qaratikandan mənə nə?..
Arvad deyir:
– Qulaq as da!.. Bizim bu qapıdan hər gün səhər-axşam qoyun sürüsü
keçir. Biz də bu tikanları buraya əkmişik ki, qoyunlar buradan keçəndə
yunları ilişsin bu tikanlara. Sonra biz hər gün o yunları yığacağıq.
Mən darıyacağam, əyirəcəyəm, corab toxuyacağam, Molla da
aparıb satacaq, sənin pulunu düzəldib verəcəyik. Daha burada bir şey
yoxdur ki, hirslənirsən.
Arvadın bu sözlərinə baqqal özünü saxlaya bilməyib ucadan gülür.
Baqqalın gülməyini eşidən Molla tez başını pəncərədən çıxardır ki:
– Hə!.. Lotu!.. Görürsən, işin düzəlib gülürsən...
Top