Bir gün Mollanı varlılardan biri qonaq çağırır. Ancaq bu varlı gündüzdən
Mollanı yanına alıb o qədər gəzdirir, o qədər gəzdirir ki, tamam
yorur. Elə olur ki, axşam evə gələndə Mollanın acından yeriməyə
taqəti olmur. Süfrə açılır. Ortalığa əla şorba gətirilir. Molla baxır ki,
pəncərənin içində yaxşı dolma, qutab, paxlava və başqa bu kimi yeməklər
qoyulmuşdur. Ancaq özünü ədəbli göstərmək üçün süfrədə
əyləşir. Şorba gəlcək qaşığı əlinə alıb elə istəyir ki, başlasın, ev sahibi
üzünü aşpaza tutub deyir:
– Sənin boynun qırılsın! Min dəfə deməmişəm ki, şorbaya sarımsaq
salma?! Götür, cəhənnəm ol!
Aşpaz şorbanı aparır. Molla da içini çəkə-çəkə şorbanın dalınca
baxır.Ev sahibi deyir:
– Molla, görürsən də bu aşpazı. Həmişə mənim başıma belə fırıldaq
açır.
Aşpaz bu dəfə də cücə qızartması gətirir. Molla baxır ki, cücənin
içindəki kişmişlər el qızarıb ki, adama lap qaş-göz eləyir. Elə əlini
uzadır ki, başlasın, ev yiyəsi aşpaza deyir:
– Sənə deməmişdim ki, cücənin içinə kişmiş qoyma! Götür, rədd
ol burdan!
Molla baxır ki, cücə də getdi.
Aradan bir az keçir aşpaz ortalığa paxlava gətirir. Mollanın ağzının
suyu başlayır axmağa. Ev sahibi altdan-altdan ona baxıb, paxlavanı
itələyir aşpazın qabağına ki:
– Fikrin nədir? Ac qarına bizə şirin şey yedirtmək istəyirsən?
Götür, itil burdan!
Molla paxlavanın da getdiyini görcək, durub kənarda olan
xörəklərin üstünə düşür.
Ev sahibi deyir:
– Molla, gəl əyləş! Nə qayırırsan?
Molla deyir:
– Sən aşpazla haqq-hesabını kəs! Mən o xörəklərdən yeməsəm də
olar.
Top