Bir adamın əli çox aşağı düşür, bağını çox ucuz qiymətə satmalı
olur. Bağa çox müştəri çıxır. Çox dövlətli, çox da xəsis bir tacir eşidir
ki, bağ sahibi Mollanın ən yaxın tanışlarındandır. Mollanın yanına
gəlib deyir:
– Molla, yəqin ki, eşidibsən, filankəs öz bağını satır. Səndən çox
xahiş eləyirəm, gedib onunla danışıb, bağın qiymətini bir az da
ucuzlaşdırıb alasan mənə.
Molla deyir:
– Balam, o qiymətə ki o bağı deyir, lap müftədir ki... Sənin insafın
necə qəbul eləyir ki, elə bağı ondan da ucuz qiymətə almaq istəyirsən?
Tacir deyir:
– Molla, ona pul lazımdır. Hər neçəyə olsa, satacaq. İşin yoxdur.
Sən get, danış.
Molla tacirin bu qansızlığına mat qalır, amma üzə vurmur. Tacirə
söz verir ki, lap arxayın olsun. Özü gedir bağ sahibinin yanına. Tacir
bir-iki saat gözləyəndən sonra axır ki, Molla gəlib çıxır. Tacir soruşur:
– Nə oldu, Molla? Qiyməti aşağı sala bildin, ya yox?
Molla deyir:
– Saldım. Hərçənd ki, çox əziyyət də çəkdim amma yaman ucuzlaşdırdım.
Tacir soruşur:
– Neçəyə elədin?
Molla danışmış olduğu qiyməti deyir.
Tacir bağın belə ucuz alınmasına o qədər sevinir ki, az qalır durub
oynasın. Molla altdan-altdan ona baxıb deyir:
– Yaxşı, filankəs, axı mən bir iş də görmüşəm.
Tacir soruşur:
– Nə iş görmüsən?
Molla deyir:
– Heç. Yəni mətləbə o qədər də dəxli olan bir iş deyil. Bağın
qiymətini-zadını danışıb qurtarandan sonra ona lazım olan qədər pul
tapıb vermişəm ki, bağı daha satmasın.
Top