Teymur Ləngə xəbər verirlər ki, Molla Nəsrəddin bir məclisdə onun zülmkarlığından danışırmış. Teymur hirslənib Mollanı hüzuruna çağırır ki:
– Bu nədir? Yoxsa başın bədəninə ağırlıq eləyir? Deyirlər məclislərdə mənim zülmkarlığımdan danışırsan.
Molla deyir:
– Qibleyi-aləm sağ olsun! Sən özün bilirsən ki, mən həmişə elə söz deyirəm ki, qəribə olsun, təzə olsun, heç kəsin eşitmədiyi, bilmədiyi, danışmadığı olsun. Xoruz səsi eşitməmiş söz olsun. Sənin zülmkarlığın, hamının bildiyi, danışdığı köhnə şeydir. Burada nə qəribəlik var ki, mən də danışam? Sənə yalan deyiblər.
Top