Deyirlər ki, Molla Nəsrəddin hələ lap cavan vaxtlarında, dediyindən
dönməyən, söz altında qalmayan bir oğlan imiş. Cavan Nəsrəddin
günlərin birində tamam pulsuzlayır. Özünə iş tapmaq üçün bazarda
gəzdiyi zaman bir tacir onu çağırır. İçi şüşə ilə dolu bir səbət verib
deyir:
– Bunu bizə apara bilərsənmi?
Nəsrəddin səbəti götürüb, tacirlə birlikdə yola düzəlir. Evə bir az
qalmış tacir deyir:
– Bu hamballığa görə sənə pul verim, ya üç hikmətli söz öyrədim?
Nəsrəddin ağıllı, hikmətli sözləri çox sevərmiş. Hər nə bahasına
olur-olsun öyrənməyə çalışarmış. Burada da hikmətli sözləri əldən
buraxmamaq uçun ac, pulsuz qalmağa razı olur.
Gəlib tacirin evinə çatırlar. Həyətə girib qırxpilləkənlə yuxarı
qalxırlar. Tacir başlayır:
– Hikmətli sözləri deyirəm. Qulaq as, yadında saxla! Birinci budu
ki, kim sənə desə qatıq qaradı, inanma!
Nəsrəddin yükün altından bir tərs-tərs tacirə baxır. Ancaq heç bir
söz deməyib pilləkənləri qalxmaqda davam edir.Tacir deyir:
– İkincisi budu ki, kim desə buz istidir, inanma!
Nəsrəddin başa düşür ki, tacir onun muzduna kələk qurur. Heç bir
söz demir. Axırıncı pilləkənləri çıxanda tacir üçüncü hikmətli sözünü
deyir:
– Kim sənə desə ki, od dondurar, inanma!
Nəsrəddin soruşur:
– Demək ki, mənə daha hambal pulu verməyəcəksən?
Tacir deyir:
– Şərtimiz elə idi də.
Nəsrəddin dalındakı şüşə dolu səbəti pilləkən aşağı tullayır ki:
– Sənə də kim desə ki, bu səbətin içində salamat şüşə qaldı,
inanma!