Günün birində Molla özünü çox pis hiss eləyir. Başı hərlənir, gözləri
qaralır, elə halsızlaşır ki, tərpənə bilmir. Birtəhər özünü həkimin
yanına salıb deyir:
– Həkim, özümü çox pis görürəm. Bir mənə bax, görək dərdim
nədi?
Həkim Mollanı yoxlayıb deyir:
– Molla, sənin heç bir dərdin-zadın yoxdu. Acsan, ona görə belə
olmusan. Əyləş, mənimlə bir yerdə nahar elə, hamısı düzəlsin.
Molla əyləşir, doyunca yeyir, içir. Baxır ki, doğrudan da düzəldi.
Durub gedəndə deyir:
– Həkim, sən doğrudan da həkim imişsən. Dərdi də tapırsan, dərmanını
da verib xəstəni elə o saat sağaldırsan. Bizim evdəkilərin hamsında
bu xəstəlik var. Gedirəm bu saat bütün külfəti tökəm bura.