Teymur Ləng sarayında olan əyanların, vəzir-vüzəranın Molla Nəsrəddini görməyə gözləri yox idi. Onlar hər yol ilə çalışırdılar ki, Mollanı Teymurun gözündən salsınlar. Amma hər dəfə də özləri daha gülünc vəziyyətə düşürdülər. Bir gün də bunlardan bir neçəsi Teymuru inandırmağa çalışır ki: Molla Nəsrəddinin ağzından yaman pis iy gəlir. Elədir ki, heç yanında dayanmaq mümkün deyil. Təsadüfən, bunlar elə bu söhbətdə ikən Molla gəlib çıxır.Teymur baxır ki, bayaqdan tutuquşu kimi danışan vəzirlər, əyanlar Molla Nəsrəddini görcək lal oldular. Rəngləri də sap-sarı saraldı. Məsələni aydınlaşdırmaq üçün üzünü Mollaya tutub deyir:
– Gəl görək, Molla! Bunlar deyirlər ki, sənin başına təzə bir iş gəlib.
Molla deyir:
– Bunlar hamısı mənim əziz dostlarımdır, qibleyi-aləm! Yalan danışmazlar. Buyurun görək, nə deyirlər? Mənim başıma gələn təzə iş nədir?
Teymur deyir:
– Deyirlər ki, sənin ağzından pis iy gəlir.
Molla deyir:
– Bəli, qibleyi-aləm sağ olsun! Doğru deyirlər. Bunların ki, indiyə kimi üfunətli-üfunətli eyiblərini görüb gizlətmişəm, heç bir yerdə deməyib ürəyimə salmışam, indi ürəyim o qədər dolub ki, iysi, qoxusu ağzımdan gəlir.
Top