Uzun qış gecələrinin birində bir məclisdə yalançı bir adam camaatı
salmış imiş çənəsinin altına, ağzına gələn yalanı danışıb, basıb bağlayırmış.
Molla Nəsrəddin də bir tərəfdə kirimişcə oturub qulaq asırmış.
Kişi danışır, danışır, baxır ki, heç etiraz eləyən yoxdu, axırda lap
ağ eləyir. Başlayır ki:
– Biz çox dövlətli idik. Atamın saysız-hesabsız ilxıları var idi. Elə
böyük bir tövlə tikdirmişdik ki, bu başında madyan at ikicanlı olanda o
başına çatana qədər vaxtı tamam olub doğardı.
Molla daha bu boyda yalana dözə bilməyib deyir:
– Doğru deyir. O tövləni mən də görmüşdüm. Mənim atam da bunun
atasının ilxıçısı idi. Özünün də bir ağacı var idi, ilxının axırından
uzadıb, lap qabaqda qaçan atı vurardı. İlxı çöldə otladığı zaman göyün
üzünü bulud alsa idi, ağacını uzadıb buludları dağıdardı ki, yağış yağmasın.
Yalançı kişi baxır ki, Molla onu dolayıb. Onun yalan dediyini camaata
başa salmaq məqsədilə deyir:
– Səninki daha lap ağ yalan oldu. Yaxşı, tutaq ki, elə doğrudan da
sənin atanın elə bir ağacı var imiş. Yaxşı, bəs o uzunluqda ağacı atan
harada saxlayırdı?
Molla deyir:
– Necə yəni harada saxlayırdı? Sənin atanın həmən tövləsində.
Top