Başqa məmləkətlərin birindən Teymur Ləngin yanına bir alim gəlir;
tərcüməçi vasitəsilə bir çox söhbət etdikdən sonra, bu məmləkətin
alimləri ilə görüşmək istədiyini bildirir. Teymur bütün alimləri yıgır.
Ancaq bu alimlərdən heç biri bu əcnəbi alimlə mübahisəyə girişməyə
cəsarət eləmir. Axırda bunların bu qədər qorxduqlarını görən Molla
mübahisəni öz boynuna götürür. Məclis qurulur. Əcnəbi alim yerdə bir
dairə çəkib üzünü Mollaya tutur. Molla bir az fikirləşib dairəni iki yerə
bölür. Görür alim danışmır. Bir cızıq da çəkib bölür dörd yerə, üç hissəsini
özünə tərəf çəkir, bir hissəsini isə əcnəbi alimə verir kimi hərəkət
eləyir. Əcnəbi alim razılaşır. Bundan sonra alim əlini, arxası yerə
doğru yumulu bir vəziyyətdə tutaraq Molladan cavab gözləyir. Molla
da əlini tamamilə bunun əksinə, yəni barmaqlarını yerə doğru tutmaqla
cavab verir. Alim buna da razı olur. Üçüncü dəfə alim özünü işarə
edərək yeyir kimi hərəkət göstərir. Molla da tez cibindən bir yumurta
çıxardır və qollarını quş qanadı kimi çırpır.
Alim gülərək Mollanın əlindən öpür. Molla gedir. Teymur tərcüməçi
vasitəsilə alimə müraciət edərək soruşur:
– Bu işarələrdən biz heç bir şey anlamadıq.
Alim deyir:
– Dünya haqqında fikirlər müxtəlifdir. Mən yerdə o dairəni cızmaqla
yer kürəsinin yumru olduğunu deyərək sizin alimin bu barədə
fikrini bilmək istədim. Maşallah sizin alimə, tez kürənin ekvatorunu
çəkdi, sonra dörd yerə bölərək üç hissəsinin su, bir hissəsinin quru olduğunu
qeyd etdi. Sonra mən kürə üzərində olan bitkilərin həyatı haqqında
onun fikrini bilmək istədim. Aliminiz buna da doğru cavab verdi.
Bütün bitkilərin hamısının yağış və günəş şüaları vasitəsilə yaşadığını
dedi. Üçüncü sual olaraq mən insanlar və heyvanlar haqqında onun
fikrini bilmək istədikdə o tez, bir yumurta ilə quşların dəxi bu cinsə
aid olduqlarını mənim yadıma saldı.
Alim getdikdən sonra Teymur Mollanı çağırıb alimlə olan sualcavabı
haqqında soruşur.
Molla deyir:
– Eh, alim... Mən də elə bildim ki, doğrudan da bir dərin adamdır.
O lap sarsaq, qarınqulunun birisiymiş ki... Əvvəl yerdə bir dairə çəkib
mənə dedi ki, ay indi burada bir tava qayğanaq ola idi. Mən də tez yarı
bölüb dedim ki, hamısını sənə verməzlər, biz də varıq. Gördüm aşnam
razı olmur. Tez bir də ortadan bölüb üç payını özüm götürdüm ki,
görməmişlik elərsən belə olar. Kişi gördü ki, qayğanaq əldən gedəcək,
razı oldu. İkinci dəfə əlini göyə tutdu ki, "bir qazan plovla necəsən".
Mən də əlimi üzü aşağı tutub dedim: "üstündə qarası olsa yeyərəm".
Üçüncü dəfə qarnını mənə göstərib dedi: "yoldan gəlmişəm,
acam". Mən də tez cibimdən yumurtanı çıxartdım ki: "canın üçün, mən
özüm səndən də acam, özü də cibimdə bircə dənə yumurta var, heç üz
vurma, verə bilməyəcəyəm".
Top