Günlərin birində özünü şair hesab eləyən, amma, necə deyərlər,
yazmadığı yazdığından yaxşı olanlardan biri Molla ilə görüşüb deyir:
– Bir neçə gündü heç keyfim yoxdu, Molla! Elə bil ki, azarlamışam.
Ürəyim elə bil ağırlaşıb, olub dağ boyda bir şey. Hansı həkimə də
gedirəm baş aça bilmir. Deyirəm bəlkə sən bir çarə dedin.
Molla bir diqqətlə onun gözlərinə baxıb deyir:
– Bu günlərdə təzə şeir yazmamısan ki?..
Şair deyir:
– Yazmışam.
Molla deyir:
– Özü də hələ heç kəsə oxumamısan, eləmi?
Şair deyir:
– Elədi ki var. Hələ heç kəsə oxumamışam.
Molla əyləşib deyir:
– Oxu, qulaq asaq!
Şair deyir:
– Oxumağa lap həvəslə oxuyaram. Ancaq ki, mən deyirdim ürəyimə
bir dərman deyəsən.
Molla deyir:
– Sən şeri oxu! Dərmanı sonra deyəcəyəm.
Şair başlayır. Çox uzun, özü də çox mənasız bir tartan-partan şeir
oxuyur. Qurtardıqdan sonra Molla deyir:
– Sənin ürəyini ağırlaşdıran bu şeir idi. Çünki onu hələ heç kəsə
oxumamışdın. İndi ki ürəyini boşaldıb onu yüklədin mənə, daha yüngülləşəcəksən.
Ancaq yadında saxla, bir də bu uzunluqda, bu ağırlıqda
şeir yazma! Yoxsa belə şerə hər ürək tab gətirə bilməz.
Top