Molla Nəsrəddinin balaca bir əkin yeri var imiş. O, hər il bu yerdə buğda əkər, əlli-altmış put məhsul götürüb, külfətini dolandırarmış.
Teymur Ləng hakimiyyət başına keçəndən sonra vergilər birə-beş artır. Kəndxudalar istədiklərini eləyib, camaatın başına oyun açırlar. Növbə Mollaya da gəlib çatır, kəndxuda tutur yaxasından ki:
– Sənin bu il beş yüz put taxılın olub. Gərək o haqq-hesabdan da vergi verəsən.
– Canım, vallah, mənim vur-tut əlli put taxılım olub...
Kəndxuda dediyindən əl çəkmir. Axırda Molla əlacsız qalıb şəhərə, Teymurun yanına şikayətə gedir.
Teymur Mollanın şikayətinə qulaq asandan sonra qışqırır ki:
– Utanmırsan, bu bir arşın saqqal ilə yalan danışırsan?
Molla heç bir söz deməyib qalxır, qapıya tərəf yönəlir ki, çıxıb getsin, Teymur soruşur:
– Nə oldu? Haraya getdin?
Molla deyir:
– Kəndxudada günah yox imiş, qibleyi-aləm! Padşah mənim bir tutam saqqalımı bir arşın görəndə onun kəndxudası da əlli put taxılımı beş yüz put görər də...
Top