Molla bir gecə evdə yatdığı zaman damın üstündə bir oğrunun
gəzdiyini hiss eləyir. Haman saat arvadı ilə söhbətə başlayıb ucadan
deyir:
– Dünən gecə gəldim, qapını nə qədər döydümsə, oyanıb açmadın.
Axırda çıxdım dama, bir dua oxuyub, yapışdım ayın işığından, bacadan
düşdüm evə.
Oğru bu söhbəti eşidib, damda gizlənir. Molla da arvada pıçıldayır
ki:
– Başla xoruldamağa!
Xorultu evi basır. Elə ki oğru içəridəkilərin yatdığına lap arxayın
olur, ayağa durub bir dua oxuyur. Əlini aya tərəf uzadıb özünü bacadan
buraxır evə. Molla qışqırır ki:
– Arvad, tez ol, işığı yandır! Oğrunu tutmuşam.
Əzilmiş oğru deyir:
– Nahaq yerə tələsmə, qardaş! Sən öyrətdiyin duanın, bir də məndə
olan ağılın bərəkətindən elə yıxılmışam ki, heç ayağa qalxa bilmirəm.