Bir gün bir dərviş yolda Mollanın qabağını kəsib bir qəsidə deyir.
Molla qulaq asır. Qəsidə qurtarandan sonra Molla yönəlir ki, getsin,
dərviş deyir:
– Molla, di bir şey ver də!
Molla deyir:
– Baş üstə, sabah gəl, verərəm.
Dərviş sabah Mollanı bazarda tutur ki:
– Ver pulu!
Molla soruşur:
– Nə pul?
Dərviş deyir:
– Dünən vəd etdiyin pulu.
Molla deyir:
– Yaxşı, mən dünən sənə niyə vəd etmişdim ki?.. Yadımda deyil.
Dərviş deyir:
– Mən sənə söz oxudum, sən də mənə vəd etdin.
Molla soruşur:
– Yaxşı, mənə bir-şey zad verib eləmədin ki?
Dərviş deyir:
– Yox, şey vermədim.
Molla bir də soruşur:
– Ancaq söz oxudun də?..
Dərviş deyir:
– Bəli, ancaq söz oxudum.
Molla deyir:
– Yaxşı, sən mənə söz oxudun, mən də sənə söz verdim. Daha nə
pul? Bir şey vermiş olsaydın, o başqa məsələ. Yoxsa söz vermisən,
əvəzində də söz almısan də!..
Top