Molla eşidir ki, şah şairlərə çoxlu mükafat verir. Gəlib evə arvadına
deyir:
– Arvad, sən yerini sal, yat, ancaq işığı yana-yana qoy. Mən bu gecə
bir şey yazıb aparacağam padşaha.
Arvad deyir:
– A kişi, sarsaqlama, səndən şeir yazan çıxmaz. Qoy başını, yat!
Arvad nə qədər deyirsə, Molla qulaq asmır ki:
– Yox, arvad, sən bilmirsən, yazacağam.
Arvad yıxılıb yatır. Molla səhərə qədər vurnuxur-vurnuxur, heç bir
şey yaza bilmir. O qədər oturur ki, səhər açılır. Bir də başını qaldırıb
görür ki, gün düşüb evin qabağındakı hamamın günbəzinə. Bu mənzərədən
ilhama gəlib başlayır yazmağa:
Gün düşüb günbəzinə.
Ordan yayılıb bizim kəndə.
Arvad yuxudan durub görür ki, Mollanın keyfi sazdır. Soruşur:
– A kişi, nə oldu?
Molla deyir:
– Arvad, iki misra demişəm.
Arvad da həvəslənir ki:
– Bir de görüm, necə demisən?
Molla yazdığı iki misranı oxuyur:
Gün düşüb günbəzinə,
Ordan yayılıb bizim kəndə.
Arvad deyir:
– A kişi, qoy bir xətt də mən deyim, yaz, apar ver padşaha.
Molla sevincək qələmi götürür ki:
– De görüm!
Arvad deyir:
– Yaz ki:
Goruna od qalansın,
A bu sarsaq kişini əkən dədə!
Top