Deyirlər ki, Teymur Ləngin yanında işlədiyi günlərin birində belə bir əhvalat olur:
Dövlətli bir adamın öz qonşusunun bağçasına gözü düşmüş imiş. Çalışırmış ki, birtəhər bağçanı qonşusunun əlindən çıxarıb yiyələnsin. Qonşu da satmırmış ki:
– Yox, qonşu! Mən bağçamı satmayacağam. Ona görə ki, onu belə boya-başa çatdırmaq üçün mən çox zəhmət çəkmişəm. İndi bu dar dünyada varım-yoxum bircə bu bağçadır. Heç olmazsa gündə bir dəfə gəzib fərəhlənirəm. Dövlətli baxır ki, qonşu özxoşuna qalsa bağçadan əl çəkməyəcək. O qiymətə ki, bağçanı almaq fikrində imiş, aparıb qabaqcadan şəhər hakiminə, məhkəmə işçilərinə, sarayın baş vəzirinə rüşvət verir. Sonra belə bir məsələ qaldırır: "Mən yuxuda görmüşəm ki, mənim qonşumun rəhmətlik atası mənim atama yüz qızıl borclu imiş. İndi mən tələb edirəm ki qonşum ya mənim borcumu versin, ya da bağçasını əlindən alıb mənə verəsiniz". Kişini məhkəməyə çağırırlar. Yazıq nə qədər "ədalət, ədalət" deyib yalvarırsa, bir şey çıxmır. Məhkəmə qərar çıxarır, kişinin bağçasını əlindən alırlar. Kişi şəhər hakiminə şikayət eləyir, hakim də məhkəmənin tərəfində dayanıb, qərarı təsdiq edir. Kişi götürüb işi Teymura verir. Teymur da baş vəzirə tapşırır ki, o, şikayətə baxsın, hökm versin. Dövlətli qabaqcadan vəziri görmüş imiş, vəzir də hökmü təsdiq edir. Yazıq kişinin
hər yerdən əli çıxır.Məhəllə adamları kişiyə məsləhət görürlər ki, gedib əhvalatı Molla Nəsrəddinə desin. Bu işə çarə, olsa-olsa Molla Nəsrəddindən olacaq. Kişi günlərin birində Mollanın yanına gəlir, əhvalatı necə ki, olub Mollaya danışır.
Molla deyir:
– Heç fikir eləmə! Səhər lap tezdən, hələ ala-qaranlıqdan gələrsən Teymurun sarayının yanına. Bağçanı lap eşşəkdən palan alan kimi alıb verərəm özünə. Səhər tezdən kişi sarayın yanına gəlir. Görür ki, Molla çuxasının ətəyini sancıb belinə, əlində qazma, sarayın divarının dibini qazır. Kişi məəttəl qalıb soruşur:
– Ay Molla, nə eləyirsən?
Molla deyir:
– Götür qazmanı, külüngü, kömək elə! İndi sənin bağçan buradan çıxacaq. Kişi fikirləşir ki, Molla yəqin dəli olub.
Molla gülüb deyir:
– Başa düşürəm. Sən elə bilirsən ki, mən dəli olmuşam. Ancaq dəli-zad olmamışam. Gərək bunlarla elə-belə rəftar eləyəsən! Götür külüngü! Kişi də bir külüng götürüb başlayır Mollaya kömək eləməyə. Sən demə, bura Teymurun yataq otağının divarı imiş. Teymur tappatappa oyanır. Saray adamları vəlvələyə düşür. Çıxıb baxırlar ki, Molla divarın dibini o qədər qazıb ki, az qala uça. Gəlib Teymura xəbər verirlər. Teymur özü durub gəlir ki:
– A kişi, dəli-zad olmamısan ki?.. Nə qayırırsan?
Molla deyir:
Qibleyi-aləm, yuxuda görmüşəm ki, mənim rəhmətlik dədəm burada yeddi küp qızıl basdırıb. Sən də götür külüngü, gəl qazaq! Yarısı sənin, yarısı mənim.
Teymur deyir:
– A kişi, dəli olma! Çıx bayıra! Bu saray neçə yüz il bundan qabaq tikilib. Onda sənin dədənin heç babası da anadan olmamışdı.
Molla deyir:
– Bilirəm, qibleyi-aləm sağ olsun!
Teymur deyir:
– İndi ki, bilirsən, bəs niyə qazırsan?
Molla deyir:
– Ona görə qazıram ki, yuxuda görmüşəm.
Teymur deyir:
– Ay axmaq bəyəm yuxuda görülən şeylərin hamısı doğru olar?!
Molla belini düzəldib deyir:
– Hə!.. Bax, elə mən istəyirdim ki, sən bunu deyəsən... İndi qulaq as!.. Molla başlayıb əhvalatı Teymura danışır. Axırda da belə bir sual verir:
– İndi de görüm, gərək dövlətlilərin, varlıların, iş başında olanların yuxuları doğru ola, kasıb-kusubunku yalan? Teymur söz tapa bilmir. Molla külüngünü yenə də işə salıb deyir:
– Belədi, qibleyi-aləm! Ya bu saat məhkəmənin hökmünü ləğv elə, o adamlara cəza ver, bu kişinin bağçasını qaytar özünə, ya da ki, mən qızıl tapana qədər qazacağam. Teymur hökmü ləğv eləməyə məcbur olur.
Top