Mollanın var-yox bircə yorğanı var imiş. Gecələr üstlərinə örtərmişlər,
gündüzlər də soyuq olanda özü bürünüb oturarmış. Soyuq günlərin
birisində arvad dilə gəlib başlayır Mollanı danlamağa ki:
– Sən də kişisən də... Bircə yorğanımız da yoxdur ki, barı üstümüzə
örtək. Qalmışıq bir dənə yırtıq mitilin umuduna. O da ki sənin
çiynindən yerə düşmür.
Molla nə qədər arvada deyirsə ki:
– Arvad, az məni danla! Ürəyini geniş tut! Vaxt olar, alarıq! –
arvad əl çəkmir. Axırda Molla hirslənib yerindən qalxır:
– Dayan, indi mən sənə o qədər pambıq gətirim ki, lap min dənə
yorğan qayır!
Bunu deyib, əlinə bir kürək alır, bir də bir çuval götürüb çıxır
həyətə. Arvad bir də pəncərədən baxır ki, Molla çuvala qar doldurur.
Qışqırır ki:
– A kişi, nə edirsən? Qarı niyə çuvala doldurursan?
Molla deyir:
– Sənə pambıq gətirirəm yorğan qayırasan.
Arvad deyir:
– A kişi, qardan da yorğan olar? O, heç adamı isidər?
Molla deyir:
– Yaxşıca isidər. Əyər isitməsə idi, ata-babalarımız onun altında
belə rahat-rahat yatmazdılar ki...
Top