Deyirlər ki, Molla Nəsrəddinin yaman çoxbilmiş bir arvadı var
imiş. Bir gün bu arvad uzaq kəndlərin birində olan atasıgilə qonaq
getməli olur. Evdən çıxanda Mollaya deyir:
– Bax, Molla, bir aylığa səni tək qoyub gedirəm. Bilməzsən, bu bir
ayda naməhrəm arvada-zada baxarsan ha... Əgər baxsan, ya ürəyindən
elə şey keçsə, mənim saçlarım ağaracaq, dişlərim töküləcək, barmaqlarımın
da hamısı çürüyəcək, dönüb olacağam şikəst, qoca, kaftarın
biri. Ölənəcən bir yük olub qalacağam boynunda. Ev işlərinin də
hamısını sən görməli olacaqsan.
Arvad gedir. Elə ki bir ay başa çatır, arvad qayıdır. Molla tez görüşmək
adı ilə arvadın əllərindən tutub barmaqlarını yoxlayır, görür ki,
yox, barmaqlar lap sağlamdır; sonra bir bəhanə ilə yaylığını açıb başına
baxır, görür ağarmayıb; danışdırıb dişlərinə fikir verir, görür dişlər
də öz yerindədir. Bir dərin nəfəs alır. Kişinin elə bil ki, beli düzəlir.
Arvadın burnuna bir çıtma vurub deyir:
– Amma yaman yalançı imişsən ha...
Top