İllərin birində Mollanın inəyi qısır qalır. Molla baxır ki, bütün qışı
inəyi müft-müsəlləm yedirib saxlamalı olacaq. Ona görə də aparır bazara
satmağa. Ancaq nə qədər dolandırır, nə qədər çalışırsa, sata bilmir.
Axırda kor-peşman qayıdır dala. Yolda dostlarından biri rast gəlib soruşur:
– Molla, inəyi haradan belə gətirirsən?
Molla deyir:
– Aparmışdım satmağa, sata bilmədim.
Dostu deyir:
– Qaytar aparaq mən satım.
Təzədən qayıdırlar bazara.
Mollanın dostu başlayır inəyi tərifləməyə. Nə bilim ay belə südlü
inəkdir, özü də ikicanlıdır, qarnında altı aylıq balası var. Müştərilər yığışır.
İnək Mollanın öz istədiyindən də bir az baha qiymətə satılır.
Molla bu işi saxlayır yadında.
Bir neçə müddətdən sonra Mollanın qızına elçi gəlir. Qıza baxırlar,
bəyənirlər, durub getmək istəyəndə Molla girir ortaya; üzünü elçilərə
tutub deyir:
– Qızım çox yaxşı qızdır. Əldən çıxartmayın! Özü də ikicanlıdı.
Qarnında altı aylıq balası da var.
Elçilər bu sözləri eşitcək çıxıb gedirlər. Arvad hirslənir ki:
– A kişi, dəli-zad deyilsən ki? Bu nə söz idi elçilərə dedin? Necə
yəni ikicanlıdı. Qarnında altı aylıq balası var?!
Molla deyir:
– Arvad, sən kişi işinə qarışma! Sən ticarətin yolunu bilməzsən.
Onda tez alarlar. Biz inəyi də belə satmışdıq.
Top