Deyirlər Mollanın çox bədxasiyyət bir arvadı var imiş. Necə deyərlər,
kişinin gününü lap qara eləmiş imiş. Hələ acığı tutanda əlinə
keçəni lap kişinin başına da vururmuş.
Günlərin birində başqa bir yerdən Mollaya qonaq gəlir. Arvad bir
az deyinir, mırtdanır, sonra mətbəxə gedir ki, xörək hazırlasın. Molla ha
gözləyir, arvad mətbəxdən çıxmır. Axırda durub mətbəxə girir ki:
– Ay arvad, axı qonağımız uzaq yerdən gəlib, acdı, bir az əl-ayaq
eləsənə!
Molla elə bunu deməyini görür. Arvad bayaq ha əlindəki maşanı
tolazlayır Mollaya. Maşa dəyir Mollanın başına, qan kişinin üz-gözünü
bürüyür. Qonaq işi belə görüb, tez ayağa durur. Mollanın başını, gözünü
təmizləyir. Gətirib oturdur, sonra ürək-dirək verib deyir:
– Çox da fikir eləmə, Molla! Bu arvad tayfasından yaxşısının da
misli-bərabəri olmur, pisinin də. Hələ səninki yaxşıdır. Mənimki hirslənəndə
saqqalımdan tutub az qalır ki, başımı ocağa soxsun.
Molla belini düzəldir, başını dikəldir, lovğa-lovğa deyir:
– Yox! Əzizim! Sənin özünə fikrin getməsin. Mən saqqalı arvad
əlinə verən kişilərdən deyiləm.
Top