Bir gün Molla bazarda gəzərkən görür ki, bir dəllal balaca, köhnə
bir qılıncı üç yüz manata deyir. Molla alıb qılıncın ora-burasına baxır,
o qiymətə dəyən bir şey olmadığını görüb dəllaldan soruşur:
– Balam, bunun qiyməti niyə belə bahadı? Bunda nə var ki?
Dəllal başlayır tərifləməyə ki:
– Molla, bu çox qəribə qılıncdır. Düşmənə vuranda beş arşın
uzanır.
Molla dinməyib qaçır evə, ocağın başından maşanı götürüb qayıdır
bazara, başlayır gəzdirməyə ki:
– Maşa min manat!.. Maşa min manat!..
Müştərilər yığılırlar ki, Molla bir sınıq maşanı min manata deyir.
Soruşurlar:
– Ay Molla, bu necə qiymətdir? Niyə min manat?
Molla deyir:
– Bəs o qılınc niyə üç yüz manat?
Deyirlər:
– Çünki o, düşmənə vuranda beş arşın uzanır.
Molla deyir:
– Bu maşanı görməyibsiniz də... Beş arşın nədi ki, vallah bizim
arvad məni döyəndə bu zəhrimara qalmış lap yüz arşın uzanır.
Top