Mollanın çox gəzəyən bir arvadı var imiş. Hər gecə Mollanı
yuxuya verəndən sonra çıxıb qonşu arvadlarla söhbət eləməyə gedirmiş.
Axırda Molla təngə gəlib "cəhənnəmə-gora!" deyib əl çəkir. Bir
ay belə, iki ay belə, axırda qonşular başlayırlar Mollanı danlamağa ki:
– Balam, arvadının ipini bir az yığ! Daha lap ağ eləyib.
Molla görür olmayacaq. Bir gün arvadı döyür. Ancaq bu da kömək
eləmir. Yenə də hər gecə Molla yatandan sonra arvad durub gedir.
Günlərin birində Molla qəsdən özünü yuxuluğa vurub gözləyir. Elə ki,
arvad Mollanı yatmış bilib evdən çıxır, yavaşcadan durub qapını bağlayır.
Arvad səhərə yaxın gəlir. Baxır ki, qapı bağlıdır. Nə qədər döyür,
nə qədər yalvarırsa, Molla qapını açmır. Arvad axırda deyir:
– Açmırsan ki?.. Açma! Mən də özümü quyuya atıb qanımı salacağam
sənin boynuna.
Arvad bunu deyib, quyuya gumbultu ilə bir daş salır. Molla baxır
ki, doğrudan da səs-səmir kəsildi. Öz-özünə deyir:
– Adə, bu zalım balası doğrudan da özün atar quyuya, di sonra gəl,
eşşək gətir, mərəkə yüklə. Qoy görüm nə oldu.
Elə Molla qapını açıb bayıra çıxcaq, qapının dalında gizlənmiş
arvad içəri girib qapının dalını vurur. Molla nə qədər axtarırsa, arvadı
tapa bilmir. Axırda qayıdır ki, girsin evə, görür qapı bağlıdır. İtələyir
açılmır. Axırda hirslənib başlayır döyməyə. Arvad pəncərədən başını
çıxarıb deyir:
– Sən öləsən açmayacağam. Meyitini görüm açmayacağam. Sən
məni yordun axı... Hər gecə, hər gecə, bu qədər də gəzmək olar? Get,
indiyə kimi harada idinsə, yenə də orada qal!
Səs-küyə qonşular yığışır: Molla arvadın hiyləsinə heyran qalıb
üzünü qonşulara tutub deyir:
– Mən demirəm, siz deyin!
Top