Günlərin birində arvad güclə Mollanı hamama göndərir. Molla
getmək istəmir ki:
– Getmirəm. Hamamda hamı çılpaq olur. Sonra keyfim istədi, qarışdım
adamlara, itdim. Özümü necə tapım?
Arvad deyir, Molla deyir, axırda arvad onun belinə bir balqabaq
bağlayır ki:
– Aha, qoy bu balqabaq olsun sənin nişanın.
Molla gəlir hamama. Lotular məsələni başa düşürlər. Mollanı yuxuya
verib balqabağı açırlar. Birisi balqabağı öz belinə bağlayıb elə
Mollanın yanındaca uzanır. Bir azdan Molla yuxudan oyanır. Baxır ki,
balqabaq belində yoxdu. Başlayır fikir eləməyə ki, görəsən mən mənəm,
ya yox? Əgər mən mənəmsə, bəs balqabaq hanı? Yox, əgər mən
mən deyiləmsə, bəs mən kiməm?
Elə bu fikirlə ayağa qalxmaq istəyəndə baxır ki, bir nəfər uzanıb,
belində də arvadın ona vermiş olduğu balqabaq. Məsələ lap çətinləşir.
Mollanı fikir götürür ki, əgər mən mənəm, bəs o kimdi? Əgər o mənəm,
bəs mən kiməm? Çox fikir-xəyaldan sonra həmən adama deyir:
– Baxıram sənə, özümə, baxıram sənin belindəki balqabağa, qalmışam
lap məəttəl. Deyəsən, ya sən mənsən, ya da ki, mən sənəm.
Yaxşısı budur ki, dur gedək bizə! Bizim arvad məni yaxşı tanıyır. Qoy
o baxıb seçsin. Mən olanı götürsün, mən olmayan qayıdıb getsin.
Top