Deyilənlərə görə, bir dəfə Molla Nəsrəddini öz yaşadığı şəhərə
hakim təyin eləyirlər. Elə Molla işə başlayandan iki gün sonra
qarovullar iki nəfər oğru tutub onun yanına gətirirlər. Oğruların biri
gecə, biri də gündüz oğurluq etdikdə tutulmuş imiş. Molla işi yoxlayıb
gündüz oğurluq eləyəni həbsə alır, gecə oğurluq eləyəni azad edir.
Azad edilmiş oğrunun yardığı evin sahibi Mollanın əlindən
Teymur Ləngə ərizə yazıb, işi düz aparmadığından şikayət edir. Teymur
Mollaya əmr göndərir ki: "Gecə filankəsin evini yarmış filan oğrunu
tutub cəza verərsən!"
Molla əmri alıb oxuyur, öz-özünə fikirləşir ki, yəqin qanunlar
dəyişib, mənim xəbərim yoxdur. Bu oğrunu tutub həbs eləyir, gündüz
oğurluq edəni isə azad edir, oğurladığı şeyləri də ev sahibindən alıb
ona qaytarır. Bu dəfə də bu ev sahibi Teymur Ləngə şikayət edir. Teymur
hirslənib Mollanı hüzuruna istəyir ki:
– Sən nə eləyirsən? Bu oğrunu niyə azad eləyibsən?
Molla deyir:
– Sənin əmrinə görə.
Teymur hirslənir ki:
– Necə mənim əmrimə görə? Mən nə vaxt yazmışam ki, onu azad
eləyəsən?
Molla deyir:
– Qibleyi-aləm sağ olsun. Bu oğruların biri gecə ev yarıb, biri gündüz.
Ata-babadan biz görmüşük ki,oğurluğu gecə eləyərlər, gündüz
eləməzlər. Ona görə də mən o gündüz oğurluq eləyəni qanuna və
adətə uyğun olmadığına görə həbsə alıb, gecə oğurluq eləyəni azad
eləmişdim. Sonra sizin imzanızla bir əmr aldım ki, gecə oğurluq
eləyən adamı həbsə almaq lazımdır. Ona görə mən də dedim ki, yəqin
qanunlar dəyişib, gecə oğrusunu təzədən həbs eləyib, gündüz oğrusunu
azad elədim.
Teymur hirslənir ki:
– Bu saat gedib onu da tutarsan.
Molla deyir:
– Qurbanın olum, axı bu, ədalətsizlikdir. Yaxşı, bu yazıqlar gecə
oğurluq eləməsinlər, gündüz eləməsinlər, bəs nə vaxt eləsinlər?
Top