Deyirlər ki, Teymur Ləngin yanında həmişə xüsusi bir mühafizə
dəstəsi olarmış. Özü də bu dəstə ən igid və qorxmaz cavanlardan
seçilərmiş.
Teymur günlərin birində Mollanın yaşadığı kəndə də əmr göndərib
belə igid bir adam tələb edir. Kənd camaatı Teymurun nə qədər
yırtıcı canavar olduğunu bildikləri üçün heç biri onun yanında qulluq
eləməyə razı olmur.Axırda kəndin ağsaqqalları yığılıb Molladan xahiş
eləyirlər ki, bu bəlanı bir təhər onların başından rəf eləsin. Molla razılaşır.
Onu aparıb kəndin ən igid qəhrəmanı kimi Teymura verirlər.
Teymur bir Mollaya baxır, bir onu gətirib tərif eləyən ağsaqqallara baxır,
hiss eləyir ki, burada nə isə bir fırıldaq var. Molla da səssiz, sakit
durud başına nə bəla gələcəyini gözləyir.
Teymur Mollanın igidliyini,qorxmazlığını yoxlamaq üçün əmr
edir, mahir ox atanlardan biri gəlir. Teymurun əmri ilə oxatan Molla
Nəsrəddini nişanəyə qoyub, ona ox atmağa başlayır. Birinci oxu onun
qıçlarının arasından keçirdir. Molla işi belə görüb bir istəyir qışqırsın
ki, mən igid-zad deyiləm, ancaq baxır ki, onda Teymur kəndin ağsaqqallarına
cəza verdirəcək. Çar-naçar, gözlərini yumub ölümə hazır
dayanır. İkinci ox onun qoltuğunun altından keçirilir. Üçüncü ox ilə nişançı
vurub onun papağını yerə salır. Bütün bu müddətdə Molla min
dəfə özündən gedirsə də, yerindən qımıldanmır. Teymur görür ki, kişi,
doğrudan da, qorxmaz bir igiddir. Onu yanına çağırır. Molla imtahanın
qurtardığını görüb, qorxduğunu bildirməyərək gülə-gülə gəlir Teymurun
yanına. Teymur Mollanın igidliyinə heyran qalıb əmr eləyir ki,
ona təzə kürk və papaq versinlər.
Molla soruşur:
– Qibleyi-aləm sağ olsun. Bu kürkü, papağı mənə niyə verirsən?
Teymur deyir:
– Çünki nişançının atdığı oxlardan kürkün də deşilib, papağın da.
Molla deyir:
– İndi ki, qanun belədir, onda əmr eləyin, mənə bir dənə də tuman
versinlər.
Teymur soruşur:
– Yaxşı, tumanına ki, bizim tərəfimizdən bir ziyan dəyməyib.
Molla başını aşağı salıb deyir:
– Xeyir, sizin tərəfinizdən dəyməyib, öz tərəfimdən dəyib.
Top