Bir gün Molla oğlunu bişmiş kəllə almaq üçün bazara göndərir.
Oğlu kəlləni alıb gətirəndə nəfsini saxlaya bilməyib ətini, dərisini soyub
yeyir. Molla kəlləni bu halda görüb soruşur:
– Ay bala, bəs niyə bu belə qupquru sümükdü?
Oğlu deyir:
Hə, ata, görürsənmi? Yəqin yazıq çox arıq olub.
Molla deyir:
– Yaxşı, bəs bunun qulaqları hanı?
Oğlu deyir:
– Ata, görünür ki, yazıq kar imiş.
Molla deyir:
– Ay bala, bunun gözləri də yoxdu ki...
Oğlu deyir:
– Görürsənmi? Yazıq kor imiş ha...
Molla kəllənin ağzını aralayır, baxır ki dili də yoxdur. Deyir:
– Bəs bunun dili hanı?
Oğlu deyir:
– Lal imiş də...
Molla:
– Bəs başının dərisi nə olub?
Oğlu:
– Görünür keçəl imiş də...
Molla baxır ki, oğlu hər suala bir cavab tapdı, daha dinmir. Uşaq
bir az fikirləşir, fikirləşir, sonra deyir:
– Amma dişlərinə baxırsanmı, ata!.. Gör necə möhkəmdi. Hamısı
da yerində cabəca.
Top