Günlərin birində Molla oğlu ilə birlikdə başqa bir kəndə getməli
olur. Oğlunu mindirir eşşəyə, özü də piyada, düşürlər yola. Bir az gedəndən
sonra qabaqlarına bir dəstə adam çıxır. Bunlardan biri Mollagilə
baxıb deyir:
– Bura baxın ey... Yüngülayaq uşaq minib eşşəyə, qoca kişi piyada
gedir.
Molla oğlunu eşşəkdən düşürüb özü minir. Bir az gedəndən sonra
bir dəstə də adam çıxır bunların qabağına. Bir Mollaya baxırlar, bir
oğluna, yenə də biri deyir:
– Bura baxın ey... Yekə kişi minib eşşəyə, balaca uşaq qalıb piyada.
Molla özü də eşşəkdən düşür. İndi də eşşəyi boş qatırlar qabaqlarına.
Bir az getməmiş qabaqlarına bir dəstə də adam çıxır. Onlardan
biri deyir:
– Bunlara baxın, bunlara baxın. Eşşək bom-boş atıla-atıla gedir,
özləri də payi-piyada toz-torpağın içində ayaq döyürlər.
Molla özü minir eşşəyə, oğlunu da alır tərkinə. Bir azdan rastlarına
bir dəstə də adam çıxır. Bunlar da Molla ilə oğluna baxaraq gülüşürlər
ki:
– Bura bax ey... İki-iki adam minib eşşəyə, yazıq heyvan nəfəs ala
bilmir.
Molla yavaşca özü eşşəkdən düşür, oğlunu da düşürdür. Sonra eşşəyi
öz dalına alıb deyir:
– Deyəsən, mən belə eləməsəm, bu camaatın sözündən qurtara
bilməyəcəyəm.
SU QUYUSU
Mollanın birinci dəfə ailəsini şəhərə köçürməyi barədə belə bir
rəvayət də var:
Molla şəhərdə ev tutur, arvadı ilə oğlunu da kənddən şəhərə köçürdür.
Oğlu şəhərdəki minarələri görüb deyir:
– Gör, bunları tikən adamların boyu nə uzun imiş...
Anası soruşur:
– Nə bildin?
Uşaq deyir:
– Gərək əli çataydı, ya yox?
Anası deyir:
– O boyda adam olmaz. Yəqin qabaqca yerdə böyrü üstə tikib sonra
dikəldiblər.
Ana-bala mübahisə eləyirlər. Hərə öz dediyini deyir. Molla görür
mübahisə çox uzanacaq, söhbətə qarışıb deyir:
– Nə sənin fikrin düzdü, nə də onun. Bunlar su quyusudu. Tərsinə
çeviriblər ki, gün vurub qurutsun, kif atmasınlar.