Molla Nəsrəddinlə Teymur Ləngin birinci görüşlərini belə də danışırlar:
Molla sir-sifətdən bir az kifir imiş. Günlərin birində səhər tezdən Teymur öz adamları ilə şikara gedirmiş. Yolda Molla Nəsrəddin bunların qabağına çıxır. Teymur onu görən kimi qəzəblənib deyir:
– Bu adamın çox pis bədsuyum sir-sifəti var. Səhər tezdən ki, qabağımıza
çıxdı, şikarımız yaxşı olmayacaq. Tutun bunu, basın dama!
Yazıq Mollanı o saat tutub göndərirlər zindana. Təsadüfən o gün Teymurun şikarı çox yaxşı keçir. Qayıdanda Mollanı zindandan çıxartdırıb yanına gətirtdirir. Deyir:
– Kişi, mən fikirləşdim ki, bu bədsuyum sir-sifətlə ki, sən bizə rast gəldin, şikarımız yaxşı keçməyəcək. Amma, əksinə, çox yaxşı keçdi. Odu ki, rəhm eləyib səni azad eləyirəm.
Molla deyir:
– Məni heç bir günahım olmadığı halda tutmuşdunuz, indi də azad eləyirsiniz... Sağ olun! Mərhəmətiniz artıq olsun! Ancaq xahiş eləyirəm mənim bircə sualıma cavab verəsiniz.
Teymur deyir:
– Ver sualını!
Molla deyir:
– Siz səhər məni pis adam, bədsuyum adam hesab eləyib zindana saldırdınız. Halbuki elə mənə rast gəldiyinizə görə işiniz də rast gətirdi. Şikarınız həmişəkindən yaxşı keçdi.
Mən də səhər tezdən gedirdim ki, bir çörək pulu qazanam, bu gün külfətimi dolandıram. Sizə rast gəldiyim üçün işim tutmadı. Zindana salındım. Mən orada ac qaldım, külfətim də evdə. İndi özünüz insafla deyin! Mən bədsuyum adamam, ya siz?
Top