Günün birində Molla oğluna deyir:
– Bu gün tələbkarlar gələcəklər pul istəməyə, mənim də pulum
yoxdur. Otur həyətdə, kim gəlsə, de ki, atam evdə yoxdur. Başa düşdün?
Oğlan deyir:
– Heyvan-zad deyiləm ki, başa düşməyəm? Deyirsən ki, oturum
həyətdə, gələnlərə deyim ki, atam evdə yoxdur.
Molla "ay sağ ol, oğlum!" – deyib içəriyə girmək istəyəndə oğlu
soruşur:
– Ata, birdən məni uşaq görüb sözümə inanmadılar. Onda doğru
dediyimi sübut eləmək üçün sənin yanına gətirim?
Molla baxır ki, yox, uşaq işi korlayacaq. Ona görə də deyir:
– Oğlum, mən evdə olmayacağam ki... Elə deyərsən evdə yoxdu,
vəssalam. Başa düşdün? Mən evdə yoxam.
Oğlan deyir:
– Başa düşdüm.
Molla keçir otağa. Bir-iki saat keçəndən sonra oğlunu çağırır. Bir
dəfə, iki dəfə, üç dəfə, uşaqdan cavab çıxmır. Molla şübhələnir ki,
bəlkə uşağın başına bir iş gəldi. Durub çıxır həyətə, görür ki, uşaq elə
əvvəlki yerində oturub, gözlərini də dikib qapıya. Soruşur:
– Adə, bəs bu qədər çağırıram, eşitmirsən?
Oğlu deyir:
– Niyə eşitmirəm? Kar-zad deyiləm ki?
Molla deyir:
– Eşidirsən, bəs niyə gəlmirsən?
Oğlu deyir:
– Bilmirəm məni ələ salmısan, ya özünü... Özün demədin ki, sən
evdə yoxsan? Kimin yanına gələydim?
Top