Gecələrin birində Mollanın yolu qəbiristandan düşür. Yazığın
onsuz da qorxa-qorxa getdiyi bəs deyil, bu tərəfdən də qabağına bir
dəstə atlı-quldur çıxır. Molla tez qaçıb girir bir köhnə qəbrə ki, onu
soymasınlar. Quldurlar bir adamın qaçıb qəbrə girdiyini görüb, alırlar
başının üstünü, çəkib qəbirdən çıxardırlar. Quldurbaşı soruşur:
– A kişi, kimsən?
Molla deyir:
– Ölüyəm, başına dönüm!
Quldurbaşı soruşur:
– Necə yəni ölüsən? Nə danışırsan?
Molla deyir:
– Nə danışacağam?.. Ölüyəm də... Bu qəbiristanın ölülərindənəm.
Qəbrim də, bax, elə budur.
Quldurbaşı deyir:
– A kişi bizi dolamısan, ya özünü? Ölü də danışar?
Molla baxır ki, işi korlayıb. Deyir:
– Səhv eləmişəm, qardaş! Gərək danışmayaydım.
Quldurbaşı əmr eləyir ki:
– Buna bir-iki yaxşı kötək vurun, bir də belə səhvlər eləməsin.
Quldurlar Mollanı aralığa alıb döymək istəyəndə Molla deyir:
– Ay canım, siz dirilər gündə min səhv eləyirsiniz, heç sizi döyən
olmur, indi mən ölü ömrümdə bir dəfə səhv eləyib sizin əlinizə
düşmüşəm. Məni öldürməyəcəksiniz ki?..
Top