Gecələrin birində oğrular Mollanın eşşəyini tövlədən oğurlayıb
aparırlar. Eşidən-bilən Mollanın başına yığılıb, onu məzəmmət eləməyə
başlayır. Biri deyir:
– Yaxşı olub. Taxsır özündədi. Niyə tövlənin qapısını yaxşı-yaxşı
bağlamırdın ki?..
Bir başqası deyir:
– Canım, bu alçaqlıqda da divar olar? Bunu bir az uca tikdirəydin
də... Belə olanda oğru da gələr, hələ nə bilim nə də olar. Taxsır özündədi.
Üçüncüsü deyir:
– Balam, niyə, həyətə bir it gətirib bağlaya bilməzdin?... Taxsır
özündədi də... İtsiz də həyət olar?
Dördüncüsü deyir:
– Yaxşı, bəs sən necə yatıbsan ki, bu yekəlikdə eşşəyi aparıblar
sən bilməmisən? Taxsır özündədi. Bir az ayıq yat də!..
Molla bütün bu deyilənlərə qulaq asıb, axırda deyir:
– Yaxşı. Hamınız doğru deyirsiniz. Axı bir insafınız da olsun. Bəs
elə bütün taxsırlar məndədi, oğruda heç günah yoxdur?..
Top