Deyirlər ki, nə təhər olursa, bir dəfə Mollanın əlinə bir qədər pul
düşür. Oğruların qorxusundan yazıq bilmir harada gizlətsin. Axırı ki,
bir gün evi təkləyib, həyətdə yer qazır, pulu basdırır. Sonra gedib küçə
qapısından baxır ki, görsün bilinir ya yox... Qazılan yer uzaqdan bəlli
olduğu üçün Molla öz-özünə fikirləşir ki, əgər mən oğru olsam elə
həyətə girən kimi bu pulu taparam. Gedib təzədən pulu çıxardır. Elə
həyətdə gəzib yer axtarırmış ki, birdən gözü sataşır, görür evin qabağındakı
ağacın başında bir qarğa yuvası var. Tez dırmaşır ağaca, pulu
bir dəsmala bağlayıb qoyur qarğa yuvasına, üstünə də bir az torpaq töküb
düşür aşağı. Öz ürəyində deyir:
– Yox, daha buraya arxayın olmaq olar. Bu oğru quş-zad deyil ki
ağaca çıxa.
Sən demə, Molla pulu yuvaya qoyanda oğrulardan biri gizlənib baxırmış.
Molla çıxıb getcək, oğru çıxır ağaca, pulu götürür, yerinə də bir
parça mal təzəyi qoyur. Bir neçə gündən sonra Mollaya pul lazım olur;
çıxır ağaca baxır ki, pulun yerində dəsmala bağlı bir parça təzək var.
Mollanın əl-ayağı əsib ağacdan yıxılır yerə. Handan-gecdən özünə
gəlib bir ağaca baxır, bir də əlindəki təzəyə baxıb deyir:
– Mən deyirdim ki, bura adam çıxa bilməz. İşə bax ki, bu boyda
ağacın başına dana da çıxıb.
Top