Deyilənlərə görə, Molla hərdənbir ovçuluqla da məşğul olarmış.
Günlərin birində bir neçə bildirçin vurub evə gətirir, qazana töküb
yaxşı bildirçin qovurması hazırlayır. Ancaq çox əliaçıq, qonaqcıl adam
olduğuna görə tək yeyə bilmir. Çıxıb məhəllə adamlarından bir neçəsinə
deyir ki:
– Günortaya yaxşı bir bildirçin qovurması hazırlayıram, buyurun,
gəlin bizə.
Günortaüstü çağrılmış qonaqlar bir-bir gəlirlər. Ancaq Mollaya
sataşmaq üçün özləri ilə gizlicə bir neçə diri bildirçin də gətirirlər. O
qədər gözləyirlər ki, xörək hazır olur. Molla səliqə ilə qazanı götürüb
qoyur yerə, çəkib qonaqlara vermək istəyəndə bir nəfər deyir:
– Molla, indi ki, bizi qonaq eləyirsən, gəl, öz istədiyimiz kimi elə
ki, canasinər yeyək.
Molla soruşur:
– Necə eləyim?
Deyirlər:
– Get evdən hərəmiz üçün bir dənə nimçə gətir, hərənin payını çəkib
özünə ver!
Molla deyir:
– O da mənim gözüm üstə! Təki, siz razı qalın!
Elə ki Molla nimçə gətirmək üçün evə girir, qonaqlar tez xörəyi
qazanı ilə götürüb gizlədirlər. Gətirmiş olduqları diri bildirçinləri ona
oxşayan başqa bir qazana salıb qoyurlar onun yerinə.
Molla nimçələri gətirir. İştaha ilə qazanın qapağını açanda bildirçinlər
uçub gedir, qazan qalır boş.Molla baxır ki, qazan tərtəmizdi... Bir
uçan bildirçinlərin dalınca göyə baxır, bir də təmiz qazana baxıb deyir:
– Mən Allahdan çox razıyam ki, bildirçinləri diriltdi, qanad da
verib uçurtdu... Yəni yazıqların, canını, həyatını özlərinə qaytardı. Bu,
çox yaxşı oldu... Ancaq məəttələm ki, bəs mənim işlətdiyim yağ,
soğan, duz, su nə oldu? Görəsən, insafa gəlib heç olmazsa onları da
mənim özümə qaytaracaq, ya yox?