Günlərin birində Molla bir aylığa səfərə gedir. Vaxt gəlib çatır,
amma Mollanın işi hələ qurtarmır. Bir ay da qalmalı olur. Nə qədər
axtarırsa, heç bir adam tapa bilmir ki, evə ya sifariş göndərsin, ya da
bir məktub yazıb gecikəcəyini xəbər versin. Axırda əyləşib bir məktub
yazır, özü də götürüb yola düşür. Necə deyərlər, günə bir mənzil, teyyi-
mənazil, gəlib evlərinə çatır. Qapını döyür. Arvad açıb baxır ki,
Molladı. Tez uşaqları da səsləyib, atılır Mollanın üstünə ki:
– Xoş gəlibsən, ay kişi!
Molla arvadı döşündən itələyib, özü geri çəkilir. Uşaqlar tökülüb
gəlir ki:
– Ata, xoş gəlibsən...
Molla məktubu arvada uzadıb deyir:
– Vallah, baxıram ki, mənimlə görüşmək, öpüşmək istəyirsiniz,
lap ağzımın suyu axır. Bir Allah bilir ki, bu saat sizinlə elə şirin-şirin
görüşüb-öpüşərdim ki... Amma nə edim ki, hələ işim qurtarmayıb deyə
gələ bilmirəm, qalmışam uzaqdan sizə baxa-baxa.
Oğlu məktubu açır... Oxuyub görür ki Molla yazır: "Mən hələ bir
ay da qalmalı oluram". Deyir:
– Yaxşı, heç olmazsa gəl bir görüşək, de görək nə var, nə yox?
Molla deyir:
– Yox, dədə-baba qanun-qaydasını pozmaq olmaz. Mən bu saat
Molla Nəsrəddin deyiləm. Mən ancaq məktub gətirənəm... İnşallah,
bir aydan sonra qayıdıb gələrəm, onda görüşərik.
Top