Molla bir bostana girib qovun-qarpızdan tez-tez dərib çuvala doldurur
ki, aparsın. Bostançı bostanda oğru olduğunu görüb yavaş-yavaş
dal tərəfdən gəlib onu tutur ki:
– Kişi, burada nə qayırırsan?
Molla deyir:
A başına dönüm, dünən gecə əsən o bərk külək məni damda yatdığım
yerdən götürüb atıb bura.
Bostançı deyir:
– Kişi, yalan niyə deyirsən?
Molla deyir:
– Canım üçün yalan demirəm. Niyə, burada nə var ki, mən yalan
deyim? Heç mən boyda kişiyə yalan demək yaraşar?
Bostançı deyir:
– Yaxşı, tutaq ki, səni buraya külək atıb. Bəs bu qovun-qarpızları
kim dərib?
Molla deyir:
– Gördüm külək məni götürüb aparır, onlardan yapışdım ki, bəlkə
dayanıb özümü bir təhər saxlaya biləm. Bədbəxtçilikdən hansına əlimi
atdımsa, qırıldı, qaldı əlimdə.
Bostançı deyir:
– Yaxşı, bəs bunları bu çuvala kim doldurub?
Molla özünü itirməyib cavab verir ki:
– Vallah, elə mən də onu fikirləşirdim ki, sən gəlib çıxdın.